11

Fev

2019

“Astara-Astara dəmir yolu xətti Şimal-Cənub dəhlizinin birləşdirilməsində vacib halqadır”

Müəllif: RTS Şimal-Cənub dəhlizi

“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov Astara-Astara beynəlxalq dəmir yolu xəttini Avropa ölkələrinə yük tranzitində əsas rol oynayan Şimal-Cənub dəhlizinin vacib halqalarından biri adlandırıb.

“Mehr” agentliyinin məlumatına görə, Cavid Qurbanov cümə axşamı İran İslam Respublikasının Astara sərhəd dəmir yolu terminalına və müştərək dəmir yolu köprüsü layihəsi çərçivəsində görülmüş işlərə baxış keçirən zaman jurnalistlərə açıqlama verib. “Astara-Astara dəmir yolu xətti regiondakı xüsusi və üstün mövqeyinə görə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtidsadi əməkdaşlığı genişləndirəcək”, – deyə o, bildirib.

C.Qurbanov Astara-Astara dəmir yolu xəttinin istismara verilməsi ilə bir çox ixrac-idxal mallarının Avropa ölkələrinə daha sürətlə daşınacağını deyib: “Astara-Astara beynəlxalq dəmir yolu xətti region ölkələrinin iqtisadi əlaqələrini sadələşdirəcək. Fars körfəzindən Bəndər Abbas limanına daxil olan mallar bu dəmir yolu xəttilə Rusiya və Şərqi Avropaya nəql olunacaq”.

Qurbanovun sözlərinə görə, Avropa şirkətləri artıq Astara-Astara beynəlxalq dəmir yolu xəttinin tikintisi üzrə aparılan işlərlə maraqlanır. “Azərbaycan tərəfdən sərhədə qədər olan 8,5 kilometr uzunluğunda dəmir yolu layihəsi reallaşdırılıb. 80 metrlik müştərək sərhəd köprüsünün tikintisi isə yekun mərhələdədir”, – deyə Cavid Qurbanov qeyd edib.

Azərbaycan Dəmir Yolları İdarəsinin rəisi hesab edir ki, layihədə iştirak edən Azərbaycan, Rusiya və İranla yanaşı, ondan bütün ölkələr faydalanacaq: “Bu beynəlxalq dəmir yolu ilə region ölkələrinə Avropadan, Finlandiyadan, Rusiyadan, Gürcüstandan mallar daha sürətlə daşınacaq”.

C.Qurbanov bu beynəlxalq dəmir yolu xəttinin İranla Azərbaycana böyük valyuta gətirəcəyini də söyləyib: “Astara-Astara dəmir yolu xətti iki qonşu ölkənin iqtisadi təfəkkürünün göstəricisidir və o, hər iki ölkəyə böyük mənfəət qazandıracaq”.

 

Mənbə: MEHR

Tərcümə: worldmedia.az

tags :